Page 91 - Islamic Studies 04
P. 91
90) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, Dördüncü buraxılış (Bahar-Yay/2023)
alimlərin əsərlərini seçməklə İslamdakı təfriqəni aradan
qaldırmağa, ümumi bir məxrəcə gəlib, əsl həqiqətə gəlməyə
cəhd göstərmişdir. Onun istinad etdiyi mənbələr içərisində şiə
məzhəbinə məxsus mənbələr üstünlük təşkil etsə də, hənəfi,
maliki, şafei və hənbəli məzhəblərinə mənsub şəxsiyyətlərin
əsərləri də olmuşdur. Demək olar ki, müəllifin dilçiliyə aid
istifadə etdiyi mənbələr daha çox sünnü məzhəbli mənbələrdir.
Bu mənbələrin başında Cövhərinin “Sihah”, Firuzabadinin isə
“Qamus” əsərləri dayanır.
5.Məlum olduğu kimi hədis elmində hədislər iki yöndən
araşdırılır. Birincisi, hədis sənəd (və ya isnad), ikincisi, isə
mətn baxımından. Əgər hədisin sənədində və ya isnadında adı
çəkilən ravilər (hədis nəql edənlər) tənqid edilmişlərsə, onların
rəvayət etdikləri hədislər “zəif” hədis hesab olunur və onlara
etiqadi məsələlərdə isnad etmək olmaz. Həmçinin hədis mətn
baxımından araşdırıldıqda onun Qurani-Kərimə və yaxud da
səhih yolla nəql olunmuş hədislə ziddiyyəti olarsa, həmin
hədis də mətn baxımından zəif hesab olunacaqdır.
Əllamə Məclisi “Biharül-ənvar” əsərində hədisləri kor-
koranə şəkildə deyil, onu sənəd və mətn baxımından
araşdırmış və səhih bildiyi hədisləri kitabına salmışdır. Əlbəttə
ki, bu o demək deyildir ki, onun əsərində keçən bütün hədislər
doğrudur.
6.“Biharül-ənvar” əsərinin məzmununun öyrənilməsi
göstərir ki, burada aşağıdakı məsələlər əhatə edilmişdir: