Page 155 - Islamic Studies 04
P. 155
154) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
gəldikdə, burada problemin qoyuluşu ilə bağlı bir məqam
müqəddimə olaraq aydınlaşdırılmalıdır.
Öncə də qeyd edildiyi kimi, İslam sxolastikasında “ din və
əxlaq münasibətləri “ bəhsi işlərin yaxşı və ya pisliyinin İlahi
iradədən asılı olmaması mövzusunun müzakirəsi ilə
başlamışdı. Burada bir məsələni vurğulamaq lazımdır ki,
müsəlman mütəkəllimləri arasında mövcud olan bu problemin
iki aspekti var idi. Daha doğrusu, həmin məsələ iki hissədən
ibarət idi: birinci hissədə işlərin zati olaraq öz-özlüyündə yaxşı
və ya pis adlana bilməsi, ikinci hissədə işlərin pis və ya yaxşı
olmasının ağıl tərəfindən dərk olunub-olunmaması müzakirə
edilirdi.
Əşərilikdə problemin həlli
Əşərilik məktəbi yarandığı dövrdə bəzən dini əqidələrin
izahında ağıla istinad etsə də, bir sıra məsələlərdə ağlın rolunu
tam inkar edirdi. Hər iki mərhələdə həmin münasibət müşahidə
olunur, yəni Əl-Əşəri işlərin yaxşı və ya pis olmasını həm zati,
həm də əqli idrak aspektindən tam İlahi iradə və qanunlara
əsaslandırır. Deməli, əşərilik məktəbi baxımından heç bir iş öz
- özlüyündə yaxşı və ya pis deyil. Təkcə Allahın yaxşı və ya
pis hesab etdiyi işlər həmin xüsusiyyətlərə malik ola bilər,
həmçinin insan İlahi iradənin köməyi olmadan işlərin yaxşı və
ya pis olduğunu dərk edə bilməz. Bu mərhələdə də son söz
Allaha məxsusdur. Beləliklə, biz yalnız Allah-Taala tərəfindən
günah adlanan işləri günah hesab etməliyik. Qeyd etmək
lazımdır ki, Əl-Əşəri özünün “ Əl-Lümə ” əsərində rasional
dəlillərdən istifadə etsə də, “ Əl-İbanə ” kitabında bütün əqli
istinadlardan imtina etmişdir. Əşəri bütün əsərlərində işlərin
yaxşı və ya pis olmasının zatiliyini dindən kənarda
müəyyənləşməsini inkar etmişdir.