Page 50 - Islamic Studies 02
P. 50
48) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)
Bu misaldan aydın görünür ki, ağacın əsas məqsədi, şirin dadlı
meyvənin əldə olunmasıdır, lakin meyvənin əldə olunması
üçün ağac sağlam kök, möhkəm gövdə və budaqlara malik
olmalıdır.
Bu üç sahəni nəzərdən keçirsək, görərik ki, əqidəyə aid
məsələlər praktiki məsələlər deyil, yəni birinci sahədə yalnız
bu əqidələrə sarılmaq və onlara səmimiyyətlə inanıb, dildə
etiraf etmək tələb olunur. Fiqh və əxlaq məsələlərinin
məzmunu isə fərqlidir, çünki bu iki sahədə bir sıra İlahi
qanunlar və dəyərlərə istinad edən qaydalarla üzləşirik.
Məsələn, namaz qılmağın vacib olması, özünü başqalarından
üstün tutmağın pis olması kimi digər fiqhi və əxlaqi təlimlər
təkcə inanılası əqidələr yox, həm də İlahi qanunlar və dəyərlər
toplusuna aid olan əməllərdir. Deməli, İslam dini özündə həm
həqiqətləri, həm də dəyərləri əhatə edən bir dindir.
Əxlaq İslam dininin əsas sütunlarından biri olduğu üçün,
əxlaqın da tərifinə diqqət etməliyik. Beləliklə, “Əxlaq” xülq
sözünün cəm formasıdır: xəlq və xülq sözləri ərəb mənşəli
olub, eyni kökdən götürülmüşdür, lakin məna etibarı ilə bu
sözlər bir-birindən fərqlənir: “xülq” daxili xüsusiyyəti, “xəlq”
isə zahiri formanı nəzərdə tutur. İnsanlarda müşahidə olunan
hər bir daxili keyfiyyət, əməl və hərəkət əxlaq və əxlaqi rəftar
adlanır.