Page 18 - Islamic Studies 05
P. 18
17) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
keçəcəyi, bu yol boyunca nə kimi hallarla üzləşəcəyi və hansı
vəziyyətlərə düşəcəyi izah edilir. Bütün bu məqamlar həmin
yolu əvvəlcədən keçmiş, onun qayda-qanunlarından xəbərdar
olan kamil və yetkin bir şəxsin (mürşidin, şeyxin) nəzarəti və
rəhbərliyi altında keçilməlidir. Bir mənzili keçmədən növbəti
mənzilə çatmaq mümkün deyil. İrfanı əxlaq elmindən
fərqləndirən əsas cəhət də budur. İrfanda bəşər ruhu bir bitki,
yaxud körpə uşaq kimidir; onun kamilliyi xüsusi qanun üzrə
inkişaf etməsindədir. Bu baxımdan irfan təkamülpərvər,
mütəhərrik bir təlimdir. Əxlaq elmində isə sadəcə olaraq ruhun
gözəl xüsusiyyətləri – fəzilətlər sadalanır və bunların təsviri
verilir. Əxlaq nöqteyi-nəzərindən, insan ruhu naxışlarla
bəzədilməsi lazım olan evə bənzəyir, amma işin hansı
ardıcıllıqla görülməsi, haradan başlayıb harada qurtarmaq
lazım gəldiyi göstərilmir. Nəzəri irfan varlığın təfsiri, yəni
Allah, aləm və insanın izahı ilə məşğuldur. Nəzəri irfan fəlsəfə
və kəlam elmlərinə yaxındır, amma bunların da arasında bəzi
fərqlər vardır. Məsələn, fəlsəfə və kəlam yalnız əqli prinsiplərə
və metodlara əsaslanır. İrfanda isə kəşfə (hissiyyatla
dərketməyə) dayaqlanan prinsip və metodlar əsas sayılır.
Kəlam aliminin nəzərində həm Allah, həm də Allahdan qeyri
şeylərin hamısı həqiqidir. Fərq bundadır ki, Allah “vacibül-
vücud” (mövcudluğu heç bir səbəbdən asılı olmayan), Ondan
savayı hər şey isə “mümkünül-vücud”dur (mövcudluqları ilkin
səbəbdən asılıdır). Arif isə bu fikirdədir ki, Allahdan savayı
heç nə Allah qarşısında qərar tuta biləcək vücuda malik deyil.
Allahın vücudu hər şeyi əhatə etmiş və özündə toplamışdır.
Hər şey yalnız Allahın ad, sifət, iradə və təcəllasıdır, ondan
başqa bir şey deyildir. Həqiqi mövcud olan yalnız Allahdır,
Allahdan savayı hər şey “görünüş”dür (təzahürdür), “varlıq”
deyil. Arifin tövhidi “Allahdan savayı heç nə yoxdur”
deməkdir. Filosofun və kəlam aliminin mənbələri ağıl və