Page 84 - Islamic Studies 05
P. 84
83) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
Məşşai fəlsəfəsi
XI-XII yüzilliklərdən başlayaraq İslam filosofları iki əsas
fəlsəfi cərəyana ayrılmağa başladılar. Bunlardan biri «Məşşai
fəlsəfəsi» idi. «Məşşai» sözü yeriyən deməkdir. Bu söz
Aristotelin davamçılarını özündə cəm etmiş «Peripatetik»
(yunanca: perepateo - gəzişirəm, yeriyirəm) məktəbdən
götürülmüşdür. Bunu Aristotelin Likey xiyabanlarında
gəzişərək fəlsəfi mühazirələr söyləməsi ilə izah edirlər. Məşşai
fəlsəfi cərəyanının önündə şərqin görkəmli filosofu İbn Sina1
durur. İbn Sina Farabidən sonra Aristotel nəzəriyyələrinə varis
çıxan ən böyük filosof sayılır. Onun sistemləşdirdiyi Məşşai
fəlsəfəsinin əsas xüsusiyyəti həqiqətin kəşf olunmasında yalnız
əqli yollara istinad etməsindən ibarətdir. Məşşai filosofları
hesab edirlər ki, həqiqətin kəşf olunması üçün əqli sübutlar
kifayət edir. Bunun üçün həqiqət axtaranın əməli mərhələlər
keçməsi, ruhunu paklaşdırması zəruri deyildir.
1İbn Sina –Əbu Əli Hüseyn İbn Abdullah 980-1037-ci illərdə Orta Asiya və İranda
yaşamışdır. Latınlaşdırılmış adı Avissena olan bu filosof, həm də misilsiz təbabət alimi
olmuşdur. Məşşai fəlsəfəsinin banisi sayılır. Onun Aristotel fəlsəfəsinin geniş
yayılmasında mühüm rolu olmuşdur. İbn Sinanın «Biliklər kitabı», «Şəfa», «İşarat»,
«Tibb elminin qanunu» və s. kitabları dünya şöhrəti qazanmışdır.