Page 121 - Islamic Studies 06
P. 121
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) /120
valideynlərin, xüsusilə də ananın nəzarətinə ehtiyac duyulur.
Övladları yaramaz uşaqlarla dostlaşdığı vaxt valideynlər
onların dostluğuna tənə vurmaqla yox, onların mənfi
cəhətlərini izah etməklə, uşaqlarını onlardan
uzaqlaşdırmalıdırlar. Eyni zamanda valideynlər övladlarına əsl
dostun da sifətlərini bəyan etməlidirlər. Xülasə, dost seçməkdə
uşağa yol göstərib, kömək etmək ananın üzərinə düşən
məsuliyyətlərdəndir. Bir daha qeyd edirik ki, bu iş, çox
mülayimliklə həyata keçirilməlidir. Dostluq əlaqələri
qurulduqdan sonra bu dostluğa nəzarət etmək də önəmlidir.
Dostlar adətən yaxın olmaq üçün bir-birinin rəftarlarını təkrar
edir, bildiklərini – istər faydalı, istərsə də, zərərli məlumatları
– bir-birinə çatdırmağa səy göstərirlər.
Müqəddəs İslam dinində bildirilir ki, təhsil almaq üçün
uşaqları etibarlı və ləyaqətli müəllimlərə tapşırmaq övladın
valideyn boynunda olan haqqıdır. Nizam-intizama xüsusi
diqqət yetirən və təhsilə ciddi yanaşan məktəbin məsul işçiləri
və müəllimləri, uşaqların taleyində müsbət iz qoya bilərlər.
Odur ki, valideynlər, xüsusilə də ana – çünki əvvəla ana, uşağa
atadan daha çox yaxın olur, ikincisi, əksər analar evdar
olduqları üçün, uşaqlara daha çox vaxt ayırmaq imkanına
malikdir – övladını hansı məktəbə yolladığını və hansı
müəllimlərin əlinə tapşırdığını araşdırmalıdırlar. Məktəbin
məsul işçiləri, müəllimləri, hətta xadimələri nümunəvi
xüsusiyyətlərə malik olmalıdırlar; çünki məktəb uşaqların
ikinci evidir. Onlar, məktəbdə doğruluğu, həmçinin yaxşını
pisdən, düzü əyridən seçməyi, həqiqi və faydalı azadlığı,
həyata hakim olan bir sıra qanunları və şərəfli və dəyanətli
həyat yolunu seçməyi öyrənməlidirlər. Həmçinin təhsil
ocaqlarında uşaq və yeniyetmələrə ətrafdakı insanlarla – ata,
ana, dostlar, həmyaşıdlar və s. – davranış və etika-estetika
qaydaları da təlim olunur.