Page 301 - Islamic Studies 06
P. 301
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) / 300
TƏQVA ƏHLİNİN ƏLAMƏTLƏRİ
Dinin elmi şəxsiyyətləri Qurandan və rəvayətlərdən
istifadə edərək, aşağıdakı xüsusiyyətləri təqva əhlinin
nişanələrindən hesab etmişlər: İnsanın fərdi davranışı, əxlaqı,
ticarət, ailə və cəmiyyətlə qurduğu əlaqələri tənzimləyəcək
qədərincə şəri elmlərlə tanış olmaq; Səhiyyə, qidalanma
qaydalarına riayət etməklə öz sağlamlığını qorumaq; Həyati
məsələlərdə fərasətli və diqqətli, həyatın bütün sahələrində
sədaqətli olmaq; Nəfsin saflığını qorumaq, danışıqda sədaqət,
əxlaqi keyfiyyətlərlə zinətlənmək, rəzil sifətlərdən pak olmaq,
riya və ikiüzlülükdən çəkinmək, yaşayışda lazımsız maddi
ləvazimata nifrət bəsləmək, hiylə və xəyanətdən uzaq olmaq,
elm və fəzilət əhlinə qiymət vermək, şəri vəzifələri ‒ vacibat
və müstəhəbbatı həyata keçirmək, insanı Allahın dini, halal və
haramı ilə tanış edən elm adamlarına ki, insanın inkişaf və
tərəqqisinin qarantıdırlar, üz tutmaq və s.
İmam Sadiq (ə) bu həqiqətə, yəni din aliminə üz tutmağa
toxunaraq buyurur: «Çox yalan danışan insanın xüsusiyyəti
budur ki, göydən və yerdən xəbər verir, lakin Allahın halal və
haramı haqqında bir şey soruşsan, cavab verə bilmir».
Sadalananlardan əlavə, müxtəlif hadisələr üz verdikdə
səbir etmək, bütün sahələrdə İslamın qoyduğu yolla getmək,
daim təfəkkür və zikrlə məşğul olmaq, niyyətdə ixlaslı olmaq,
nəfsi saf saxlamaq və bu yolu keçməklə «yəqin elmi»nə, yəqin
elmindən də «eynül-yəqin»ə nail olmaq kimi xüsusiyyətlər də
təqva əhlinin nişanələrindəndir.