Page 256 - Islamic Studies 05
P. 256
255) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
Bu iki amildən başqa amillər də mövcuddur. Bütün bu amillər
insanlar arasındakı rabitələri gücləndirir. Əlbəttə ki, uyğun
amillərin qarşısını alan səbəblər də ola bilər. Belə məqamlarda
uyğun maneələri aradan qaldırmaq lazımdır. Əks təqdirdə,
insanların rabitələri arzu olunmayan amillər üzərində qurula
bilər. Təbii cazibə amilləri o qədər güclüdür ki, hətta bir-
birinin dilini bilməyən iki insan yaxınlaşmağa meyl göstərir.
Təsəvvür edin ki, bir şəxs yolu itirib, həyatının bir neçə
gününü ucqar bir nöqtədə keçirməyə məcbur olub. Onun
düşdüyü məkan səfalı, bağ-baxçalı, gül-çiçəkli, çeşidli
meyvələrlə zəngin olsa da, həmin şəxsin gözü daim insan
axtarışında olasıdır. O uzaqdan kiminsə gəldiyini görən kimi
dərhal ayağa qalxıb heç bir tanışlığı olmayan bu şəxslə
ünsiyyətə qatılasıdır. Bəli, bu təbii bir istəkdir. Həmin təbii
istək insanları bir-birinə doğru sövq edir, onları tənhalıq
meylindən uzaqlaşdırır. Eyni təsirə malik başqa amillər də var.
İnsan fitrətindəki bu amillər onu başqaları ilə rabitəyə, mövcud
rabitələri möhkəmləndirməyə sövq edir.
İctimai rabitələri möhkəmləndirən amillər təkcə təbii
amillərdən ibarət deyil. Ağıl da bu rabitələrin
möhkəmləndirilməsini hökm edir. Ağılın hökmünə əsasən
insan öz problemlərini aradan qaldırmaq üçün başqaları ilə
münasibət qurmalıdır. Rəislə fəhlə, müəllimlə şagird, həkimlə
xəstə arasındakı rabitələri nümunə göstərmək olar. Uyğun
rabitələr ərlə arvad, ata-ana ilə övlad arasındakı rabitələrdən
fərqlənir. Məhəbbət duyğuları üzərində qurulmuş rabitələrdə
ağıl bir o qədər də rol oynamır. Adətən atalar düşünmürlər ki,
öz nəsillərinin kəsilməməsi üçün övlad sahibi olmalıdırlar.
Övlada meyl onların fitrətində mövcuddur. Övlad sahibi
olduqdan sonra təbii şəkildə ona nəvaziş göstərir, qayğısını
çəkirlər. Ata bütün bu işlərdən fitri bir ləzzət alır. Təsadüfi
hallarda insan bu işlərə ağılın hökmü ilə qatılır.