Page 139 - Pure Life 02
P. 139
İBRAHİMİ DİNLƏRDƏ ALLAH/ 231
Bundan əlavə, Allah-taalanın ata və İsanın (ə) onun həqiqi oğlu olmasıheç
bir əqli-fəlsəfi və dini mətnlər ilə uyğun deyil. Fəlsəfi baxımdan Allah
Məryəmi (ə) özünə qadın etmək nəticəsində İsanın (ə) dünyaya gəlməsi gülünc
və məntiqdən çox-çox uzaqdır. Çünki Allah-taalanın maddi və cismani
sifətlərdən uzaq və mənəvi kamilliyin tam zirvəsində olması fəlsəfə elminin
əsasını təşkil edir. Bu elmdə, dünyanın bütün tanınmış filosofları tərəfindən
sübuta yetirilmişdir ki, dünyanı yaradan cismi-maddi xüsusiyyətlərə malik
deyildir. O hər şeydən ehtiyacsız, zaman-məkan məhdudiyyətlərindən xaric
(zaman-məkan məfhumu təkcə cismani məxluqlara aid olunur. Allah üçün
bunların heç birinin mənası yoxdur. Ona görə ki, Allahın Özü zaman-məkanı
yaradır və onlara hökm edir) və hər yerə əhatəsi olan bölünməyən bir xaliqdir.
Deməli, Allah-taaladan nəsə ayrılıb Məryəmin bətnində yerləşərək Həzrət
İsanın dünyaya gəlmə xülyası əqli-fəlsəfi elmlə, əsasən, məhkum olunur.
Beləliklə, əgər «İncil» də gəlmiş «Sevgili oğlum» ibarəsinin həqiqətən də
Allah-taala tərəfindən nazil olmasını fərz etsək, bu zaman «oğlum» sözünün
məcazi mənada işlənilməsi aydın olur. Necə ki, yaşadığımız həyatda bu cür
sözlərin müxtəlif insanlar tərəfindən dəfələrlə işlədilməsinin şahidi oluruq.
Məsələn, müəllim öz şagirdini əzizləmək üçün ona «oğlum», «əziz balam»
və s. bu kimi sözlərlə müraciət edir.
Dini mətnlərin başında duran və hər bir təhrifdən amanda qalan Qurani-kərim
isə buyurur: «(Ey Məhəmməd, xalqa de:) Allah birdir. Allahın heç bir şeyə ehtiyacı
yoxdur. Doğmayıb (heç kəsin atası ya anası deyil) və doğulmayıbdır (heç kimin
övladı deyildir.) Onun bənzəri yoxdur.» («İxlas» surəsi)
Allah-taala bu qısa surədə özünü xalqa, məxluqata, sözün əsl mənasında
desək, Öz yaratdıqlarına belə tanıtdırır: - Allah birdir-vahiddir. Və heç bir
şeyə - oğula, ataya və ya başqa bir Allaha ehtiyacı yoxdur. Kiminsə övladı
olmaq və ya kiminsə atası, ya anası olmaq kimi sifətlər ona layiq sifətlər
deyil. O yalnız tanrı və yaradandır. Onun misli-bərabəri yoxdur və heç kim
onun kimi ola bilməz.
Bu surənin mənasından açıq-aydın şəkildə belə başa düşülür ki, İsa (ə) nə
Allah, nə də Allahın oğlu ola bilər. Allahdan başqa nə varsa, hamısı Allahın
məxluqatları və ona ehtiyaclıdırlar.