Page 146 - Pure Life 02
P. 146
224/ PURE LIFE, Vol.2.No.2, (Ramadan Mubarak 1436. Tir 1394. July. 2015)
2. Tövhide - sifati (sifətlərdə Tövhid):
Tövhide-sifati budur ki, Allah-Taala bütün kamal sifətlərinə malikdir. Allahın
elm, qüdrət, əbədiyyət, və s. bu kimi sifətləri (xüsusiyyətləri) hamısı Onun
Pak Zatında cəmlənmişdir. Və bu xüsusiyyətlər Onun vahid, bölünməz və bir
olan zatının eynidir. Məxluqatın sifətləri isə bir-birindən ayrı olmaqla bərabər,
onların zatından da, ayrıdır. Allahın sifətləri isə belə deyildir. Əlbəttə,
«Allahın sifətləri ilə Onun zatının eyni olması bəhsini» daha yaxşı anlamaq
(üçün bir sıra elmi və fəlsəfi zərifliklərə diqqət etmək lazımdır) xüsusi
incəliklə düşünmək və diqqət tələb edir.
3. Tövhide - əfali (fellərdə Tövhid):
Dünyada baş verən hər iş, hərəkət və hər bir varlığın təsiredici qüvvəsi
Allah-Taalanın iradəsinə bağlıdır. Və Onun iradəsindən çeşmələnir.
Qurani-Kərim buyurur: «Allah-Taala hər bir şeyin yaradanıdır və bütün
varlıqlara nəzarət edən Odur!» (Zumər, 62) Yaxud başqa bir ayədə
buyurulur: «Göylərin və yerin açarları Ona məxsusdur. (Bütün işlər Onun
qüdrətinə bağlıdır.)» (Şura, 12)
Bəli, Allahdan qeyri heç bir təsir qoyan qüvvə yoxdur! Lakin bu bizim
işlərimizdə, əncam verdiyimiz əməllərimizdə məcbur olmağımız mənasında
deyildir. Hər bir insan öz əməllərini əncam verməkdə və qərar qəbul
etməkdə azaddır. Necə ki, Qurani-Kərim buyurur: «Biz insana doğru yolu
nişan verdik. İstər şükür etsin, istərsə də küfr etsin!» (İnsan, 3) Yaxud; «Və
gerçəkdə insan üçün öz səyindən başqa mükafat yoxdur.» (Nəcm, 39)
Qeyd olunan ayələr aşkarcasına bəyan edir ki, insan azad iradəyə malikdir.
Lakin bu azad iradəni və qüdrəti ona öz Rəbbi vermişdir. İnsanın bütün işləri
Allahın ona bəxş etdiyi iradə və bacarıq vasitəsi ilə baş tutur. Deməli, bizim
əməllərimiz Allaha istinad olunaraq bir növ, həqiqətdə ona bağlıdır. Və bu
bağlılıq bizim əməllərimizə görə daşıdığımız məsuliyyəti heç də azaltmır.
Əziz oxucu, Allah iradə etmişdir ki, biz öz əməllərimizi azad ixtiyara
malik olaraq əncam verək və bu vasitə ilə, Allah-Taala, insanları imtahana
çəkərək onları «mənəvi təkamül» yolunda ucaltmaq istəmişdir. Çünki
yalnız azad iradəyə malik olan insan, öz ixtiyarı ilə Tanrıya itaət etdikdə,
İlahi kamilliyə ucala bilər. Əgər Allah insanı heç bir ixtiyara və azad
iradəyə sahib etməsə və onu öz əməllərində məcbur edərsə, insanın
əməlləri heç bir dəyərə malik olmayacaqdır.