Page 184 - Pure Life 02
P. 184
İBRAHİMİ DİNLƏRDƏ PEYĞƏMBƏRLİK VƏ VƏHY/ 186
Həzrət Əli (ə) Nəhcül-bəlağədə buyurur: "Allah-təala peyğəmbərləri ən
üstün xislətləri ilə seçdi və onları yaxşı bellərdən pak-pakizə bətnlərə
köçürdü. Onlardan biri dünyadan getdikdə başqa birisi ondan sonra
Allahın dinini yaymaq üçün ayağa qalxıb, ilahi hökmlərin təbliği ilə
məşğul olmuşdur. Böyük Allah peyğəmbərləri seçdi, onlardan vəhy və
risalətin təbliği üçün əhd-peyman aldı ki, Haqq-təala tərəfindən onlara
çatdırılanların hamısını yerinə yetirəcəklər və xalqı Allahı tanımağa dəvət
edərək, bu yolda heç nədən çəkinməyəcəklər. Çünki, insanların çoxu ilahi
əhd-peymana vəfa etmədilər. Onun haqqını bilmədilər və Onu vahid
saymadılar və Ona bənzərlər, şəriklər qoşdular. Şeytanlar onları ilahi
mərifətdən daşındırdılar, aldatdılar.
Beləliklə, Allah-təala onların arasından Öz peyğəmbərlərini seçərək
onlarda fitri olan Tanrının əhd-peymanını tələb etmək və unudulmuş
neməti xatırlatmaları, təbliğ yolu ilə onlarla söhbət etmələri, dəlillərlə
danışmaları, gizlənmiş ağılları üzə çıxararaq işə salmaları və Allahın
qüdrət nişanələrini onlara göstərmələri üçün onları bir-birinin ardınca
göndərdi. Peyğəmbərlər elə elçilər idilər ki, dostlarının azlığı və onlara
qarşı çıxanların çoxluğu onları çəkindirmədi."
Yəhudilik və xristianlığın heç birində islam dinində olduğu kimi, vəhy
və peyğəmbərlik sistemi münəzzəm və müəyyən hədəfə uyğun olaraq
tənzimlənməmişdir. Yəhudilikdə peyğəmbərlik ilk növbədə "Allahın
seçilmiş xalqı" olan yəhudilərə xas olduğu üçün ümumbəşəri dəyərə və
faydaya malik deyil. Peyğəmbərlərin yalnız yəhudilərin rifahı və paklığı
üçün gəldiyinə etiqad bəslənir. Bir halda ki, islam dininə görə
peyğəmbərlər insanları doğru yola yönəltmək üçün göndərilmişdir.
Əlbəttə, bəzi peyğəmbərlərin öz xalqına, tayfalarına göndərildiyi həqiqəti
də mövcuddur. Lakin bu o demək deyildir ki, həmin xalq və tayfa
başqalarından üstün olduğu üçün onlara xüsusi peyğəmbər göndərilmişdir.
Yaxud bu mənaya deyildir ki, həmin peyğəmbərin ilahi kəlamları yalnız
həmin xalqa məxsusdur.
Yəhudidlikdə vəhyin həqiqiliyini və peyğəmbərin sadiqliyini müəyyən
edən xüsusi və ideal şərtlər mövcud deyildir.